top of page

H.Əbdülrrəhim

  Dünyada Ən Cavan Din - Bəhai dini 

və Dünya Bəhai Cəmiyyəti

Haqq Söz Qəzeti, 25 May 1993-cü il

Bəhai dini azad və müstəqil bir dindir. Müxtəlif dinlərə və təriqətlərə itaət edən adamlardan təşkil olunmuş Dünya Bəhai Cəmiyyəti bütün irqləri, millətləri, sinifləri, iş və məslək adamlarını birləşdirməkdədir. Bəhailər 214 ölkə və bölgədə yayılmaqdadırlar.Bəhai dinində 2100-dən yuxarı etnik qrup və qəbilə təmsil edilməkdədir. 

 

Bəhailik

Bəhai dini müstəqil dünya dinlərinin ən cavanıdır. Bəhailər belə hesab edirlər ki, bu dinin əsasını qoyan həz.Bəhaullah (1871-1892) Allahın yer üzərinə göndərdiyi və adları bizə tarixdən məlum olan Avram, Mousey, Budda, Zərdüşt, Xristos və Məhəmməd kimi peyğəmbərlərin xələfidir.

 

Bəhailiyin təbliğ etdiyi dünyagörüşün əsası budur: bəşəriyyət birdir və planetimizdə yaşayan adamların hamısı bir dinə itaət etməlidir. Allah həz.Bəhaullahın buyurduğuna görə, insanları müxtəlif irqə, millətlərə, siniflərə və dinlərə ayıran ənənəvi maneələri dağıtmaq üçün tarixi gücünü hərəkətə gətirmişdir. Elə bir vaxt gəlmişdir ki, həmin tarixi gücün nəticəsində vahid dünya mədəniyyəti yaranacaqdır. Buna görə də planetimizin bütün adamları özlərinin birləşdiyini dərk etməli və birləşmək prosesinə kömək etməlidirlər. Hazırda Yer üzərində 6 milyon nəfərdə çox insanları öz ətrafında birləşdirmiş Bəhai dini məhz bu məsləkə xidmət edir.

  

Bəhai Dininin Əsas Prinsipləri 

  • Allah birdir.

  • Bütün dinlər birdir.

  • Bəşəriyyət birdir. Cəmiyyətin müxtəlif təbəqələrinə aid olan bütün irqlər, millətlər, dinlər və silklər Allah qarşısında birdir.

  • İnsanlar müqəddəs ruha möhtacdırlar.

  • Hər bir insan haqqı müstəqil olaraq axtarmalıdır.

  • Elm və din harmonik olaraq bir-birini tamamlamalıdır. Hər hansı bir din elmə ziddirsə doğru deyil. Elm dinsiz olduqda mövhumatdır.

  • İnsanlar hər cür mövhumatdan imtina etməlidirlər.

  • Kişilər və qadınlar quşun qanadı kimi bərabərdirlər.

  • Hər bir uşaq möhkəm əsası olan təhsil hüququna malikdir.

  • İqtisadi problemlərin mənəvi həlli vardır.

  • Bəşəriyyətə Beynəlxalq köməkçi dil lazımdır.

  • Bəşəriyyət Dünya dövlətləri tərəfindən dəstəklənən Ümumbəşəri sülhü yaratmalıdır.

   

Azərbaycan İlk Bəhailər Vətəni

Həz. Bəhaullahın, Məhəmməddən sonra yeni bir Peyğəmbərin gələcəyindən xəbər vermiş Bab- Seyid Əli Məhəmməd 20 oktyabr 1819-cu ildə İranın Şiraz şəhərində anadan olmuş, öz dini görüşlərinə görə şiə din xadimlərinin təqibinə məruz qalmış və 9 iyul 1850-ci ildə Təbrizdə şəhid olmuşdur. Həz. Bəhaullah da Tehranda dünyaya göz açmışdır və onun həyatı İranda, İraqda, Türkiyədə keçmişdir. Ona görə də yeni dinin Azərbaycana – Arazın bu tayına keçməsini, sürətlə Bakıda, Şamaxıda, Şəkidə və respublikamızın digər mədəni mərkəzlərində yayılmasını təsəvvür etmək o qədər də çətin deyil.

  

Azərbaycanın Qocaman Bəhailərindən Olan İzəddin Əyyubov Deyir:

-Atam, Allah ölənlərinizə rəhmət eləsin, Məmmədhüseyn hələ 1905-ci ildə Babi ləqəbi ilə Şəkidə məşhur idi. Anam vaxtsız vəfat etmişdi və biz o vaxtı xırda uşaqlar idik. Atam uşaqlara görə tez- tələsik evlənməli idi. Lakin şəhərdə ona qız verən yoxdu. Niyə görə? O vaxt bəhailərə pis baxırdılar. Yaxşı xatırlayıram, hətta görkəmli yazıçılarımız Məmməd Səid Ordubadi hələ 1940-cı ildə yazdığı bir kitabçasında bəhailəri “ingilislərin cəsusu” adlandırmışdı. Təkcə Azərbaycanda yox, bütün şərqdə daha nələr yazılmamış, deyilməmiş bəhailər barəsində?! Mən, şəxsən, bunu normal bir hal kimi qəbul edirəm. Nəyə görə? Dinlərin tarixinə ötəri bir nəzər salaq. Yeni yaranan hər bir din uzun illər özündən əvvəlki dini təmsil edən dindarların, xüsusən nədə dini mövhumat kimi təbliğ edən mollaların, daha düzünü desək, molla adı altında adamların arasına soxulan işbazların, kələkbazların təqibinə məruz qalmışdır. Götürək elə İslam tarixini. Bu din tanınana, adamların şüuruna yeriyənə qədər Məhəmməd Peyğəmbərdən tutmuş ta onu yayan digər silahdaşlarına qədər onların başına daha hansı oyunlar gətirilməmişdir?

  

Halbuki, dünyada bu qədər geniş yayılmış Bəhai dinindən lap son vaxtlaracan hansı formadasa söhbət açmaq keçmiş SSRİ-də, o cümlədən də Azərbaycanda yasaq idi. Mənim özümü bəhai olduğuma, yas məclislərində bəhailərdən, bəhaizmdən söhbət açdığıma görə uzun illər Dövlət Təhlükəsizlik komitəsi təqib eləyib. Şükür Allaha, haqq indi öz yerini tutub.

  

Bəli, Azərbaycanda son vaxtlara qədər dövlət tərəfindən izlənilən, qərəzkarlıqla gözdən salınan bəhailər son vaxtlar öz cəmiyyətlərini qurmuşlar. Ötən həftə isə Dünya Bəhai Cəmiyyətində çox yüksək mövqe sahibi olan Əmətülbəha Ruhiyyə xanım Rəbbanini Bakıda qonaq qəbul etmişlər.

Ruhiyyə Xanım Rəbbani,

Yaxud Planetimizi Başdan Başa Gəzən Qadın

Azərbaycan Ruhiyyə xanım Rəbbaninin (milliyətcə ingilis olan bu qadının əvvəlki soyadı Meri Maksvellidir) səyahət etdiyi 172-ci ölkədir. Yaşının bu ahıl vaxtında belə öz səyahətindən qalmayan, müxtəlif irqlərə, millətlərə, dinlərə mənsub olan adamlarla ünsiyyətdə olmaqdan doymayan Əmətülbəha müsahibimizdir.

  

Bizi ən əvvəl bir məsələ maraqlandırdı: Ruhiyyə Xanım dünyanın bu qədər ölkəsini necə gəzmişdir?...  Yazıçı, kinomatoqrafçı, səyyah, yoxsa bəhai kimi? (İngiliscə tərcüməçimiz, texnika elmləri namizədi, dossent, orta yaşlı bəhai Səlahəddin Əyyubov bizi maraqlandıran sualla ona müraciət etdi)

 

-Mən səyyah, yazıçı, kinomatoqraf olmazdan qabaq bəhaiyəm,- deyə xanım Rəbbani məhəbbət dolu, işıqlı, yapışıqlı baxışları ilə bizi süzüb, gülümsündü. –Daha doğrusu, mən Kanadada, bəhailər ailəsində anadan olmuşam. Bəhai sözünü ağlım kəsməyə başlayandan eşitmişəm. Ailə üzvlərimizdən başqa bəhailəri isə ilk dəfə 1921-ci ildə Monrialda görmüşəm. O vaxt mən 11 yaşında idim. Yaşadığımız binanın yanında bir mehmanxana vardı. Burada yalnız Şərq ölkələrindən gələn əcnəbilər yaşayırdı. Bəhai dininin rəhbərlərini də ilk dəfə burada görmüşəm. Bir kərə atamdan soruşdum: “Bəhailər başqa adamlardan nə ilə fərqlənir?” “Bəhailər dünyaya yeni işıq, yeni düşüncə tərzi gətirəcəklər” deyə atam cavab verdi. O vaxtdan da mənim balaca uşaq qəlbimdə bəhailərə qarşı xüsusi məhəbbət oyandı. Sonra böyüdüm. 17 yaşım tamam olar –olmaz Şövqü efendi ilə tanış oldum.

  

Şövqi Rəbbani Bəhai dininin peyğəmbəri həz. Bəhaullahın nəticəsidir. Təhsilini əvvəl Beyrut kollecində, sonra da Londonda, Oxford Universitetində alıb. Yaxşı ingilis dili bilirdi. Babası Əbdülbəhanın – Abbas Əfəndinin vəsiyyəti ilə Bəhailərin rəisi – Tanrı Əmrinin Vəlisi təyin olunub. 1937-ci ildə ona ərə getdim. O, bütün həyatını Bəhai dininin yayılması yolunda qoymuşdur.  Onunla dünyanın ən ucqar guşələrinə gedir, olduğumuz hər yerdə adamları bu dinlə tanış edirdik. 1957-ci ildən bəri yəni Əmirin Vəlisi vəfat edəndən sonra onun işini mən davam etdirirəm. O ki, qaldı mənim yazıçılığıma kinomatoqrafçılığıma... Kitablarımda da, sənədli filmlərimdə də bəhailiyi təbliğ etmək başlıca məqsədim olub.

  

Gəzdiyiniz Ölkələr İçərisində Ən Maraqlı Hansını Hesab Edirsiniz?  

-Biz bəhailər dünyanı bir vətən, insanlığı isə bir millət olaraq qəbul etmişik. Milləti və vətəni isə maraq dairəsinə görə bölmək olmaz. Vətənimizin hər yanı, bütün bölgələri gözəldir, millətimizi isə dünyanın əşrəfi hesab etmək olar! Sadəcə olaraq, vətənimizin hələ tam abad olmayan bölgələri var, millətimizə gəldikdə isə onların kasıb və varlı olanları var, tam səfalət içərisində yaşayanları, başqasını istismar etmək üçün onu hərbi və iqtisadi yollarla boğanları, boğmağa çalışanları var. Millətimizin əzən və əzilən hissəsi var. Və biz onların arasında elə bir sülh yaratmaq  istəyirik ki, onlar öz əvvəlki təbiətini dəyişib dünyaya tamam başqa gözlə baxa bilsin. Vətənimizi bu günku hərcmərclikdən, zorakılıqdan, təsərrüfatsızlıqdan, tamamilə dağılmaqdan qorumaq üçün bizə tamam yeni bir mədəniyyət gərəkdir. Və Allah bu mədəniyyəti Yer üzünə bəhailəri ortaya gətirməklə göndərib.

Azərbaycana Gəlməmişdən Əvvəl Bu Ölkə Haqqında Müəyyən Bir Məlumatınız Vardımı?

-Çox az. Ancaq azərbaycanlılarla çoxdan dostluq edirəm. İsraildə bizim bir ailə dostumuz var, Əli Əkbər Naxçıvani. Ümumdünya Ədalət Evinin üzvüdür. Dünya Bəhai Cəmiyyətinin fəaliyyətində onun əməyi çox böyükdür. Əli Əkbər Naxçıvaninin xanımı Violetda Naxçıvani ilə isə mən lap doğmalaşmışam. Qismət olarsa Naxçıvana da gedəcəyəm.

 

Orada ziyarət etmək istədiyim bir sıra yerlər var.

-Bakı necedir? Şəhərimiz xoşunuza gəlirmi?

-Bakını ancaq yaşadığım otelin pəncərəsindən seyr edə bilmişəm.

-Biz öz qonaqpərvərliyimizi göstərməyə hazırıq...

-Sizin qonaqpərvərliyinizi vətənimin bu bölgəsinə ayağımı qoyan andan hiss etmişəm, çox sağ olun! Çox təəssüf, Azərbaycanda az qalmağı planlaşdırmışam. Özbəkistana, Baltikyanı ölkələrə, orada yaşayan bəhailərlə görüşə gedəcəyəm. Aşqabadda da olmaq istəyirəm. Dünyada ilk bəhai məbədi orada tikilmişdir.

 

N. Əbdürrəhim və F. Zeynalov

bottom of page